Müasir dövrdə cəmiyyətin bir çox sahəsində zəruri fəaliyyətlərin icrası, istehsal prosesinin davamlılığının təmin olunması və qarşılıqlı koordinasiyanın təşkili enerji təminatı sayəsində həyata keçirilir. Bu baxımdan ölkənin strateji obyektlərini və yaşayış mərkəzlərini elektrik enerjisi ilə təmin edən stansiya və yarımstansiyaların mühafizəsi xüsusi əhəmiyyətli sahələrdən birini təşkil edir.
“Kapital Security” mühafizə şirkəti öz fəaliyyət istiqamətləri içərisində bu sahəyə xüsusi yer verir və “AzərEnerji” ASC ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində “AzərEnerji” ASC-yə məxsus “Sumqayıt” yarımstansiyasının mühafizəsinin “Kapital Security” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən şirkət “Sumqayıt” yarımstansiyasında kamera müşahidə və siqnalizasiya sistemlərinin quraşdırılması, yarımstansiyanın ətrafında perimetr üzrə müşahidənin təşkili, 24 saat və istənilən iqlim şəraitinə uyğun video müşahidə sistemlərinin qurulmasını təmin edəcək.
Yarımstansiya ərazisində giriş və çıxışa nəzarət sistemlərinin, xüsusi otaqlarda və stansiya ərazisində daimi müşahidə təmin edən video kamera sistemlərinin, yanğın təhlükəsizlik sistemlərinin qurulması “Kapital Security” mühafizə şirkəti tərəfindən həyata keçiriləcək.
Bakı şəhəri və Azərbaycan Respublikasının müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidməti təklif edən “Kapital Security” şirkəti, fiziki mühafizədən informasiya təhlükəsizliyinə, müxtəlif təyinatlı infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizənin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması və onlara texniki dəstəyin verilməsi kimi bir çox sahə üzrə xidmətlər təklif edir.
Şirkət, işçi heyətinin peşəkarlığını, fəaliyyət istiqamətlərini və xidmət səviyyəsini davamlı olaraq təkmilləşdirir, tərəfdaşlarına etibarlı və keyfiyyətli xidmət təqdim etmək üçün çalışır.